ETİBB Onlayn Tibb Maarifi
Banner
Hepatit A

Hepatit A yüksək yoluxuculuğa malik Hepatit A virusu (HAV) tərəfindən törədilən qaraciyər infeksiyasıdır. HAV az patogen olsa da  qaraciyərin funksinal vəziyyətini pozacaq iltihabi proses yarada bilir. HAV ilə çirklənmiş qida və ya su, hətta virus daşıyıcısı olan insan yoluxma mənbəyi ola bilər. Yoluxmuş bəzi insanlarda virus uzun müddət heç əlamət vermir. Digərlərində isə qripə bənzər şikayətlər ola bilir. Mülayim A hepatiti olan  insanların adətən müalicəyə ehtiyacı olmur və xəstəlik qaraciyərdə heç bir qalıcı zədələnmə olmadan tam sağalma ilə yekunlaşır.

Hepatit B və C-dən fərqli olaraq Hepatit A xoniki hepatit və sirroz yaratmır.  Gigiyena qaydalarına düzgün əməl etməklə Hepatit A virusu ilə yoluxmadan qaçmaq olar. Yoluxma riski qarşısında olan insanlar üçün effektiv peyvənd mövcuddur.

Əlamətləri

Hepatit A virusu yoluxmuş və faktiki olaraq hepatit (qaraciyərin iltihabı) keçirən bəzi insanlarda heç bir əlamət və şikayət olmaya bilər. Adətən uşaqlarda A hepatitinin əlamətləri mülayim keçir, əksinə yeniyetmə və yaşlılarda isə xəstəlik daha kəskin əlamətlərlə  keçə bilir. Virusun bədəndə inkubaysiya müddəti bir aydır və bu müddətdən sonra xəstəlik qəfldən başlaya bilər. Bəzən Hepatit A qastroenteritə bənzər əlamətlər verir.  
Aşağıdakı əlamətlər qeyd edilə bilər:
  - Ümumi zəiflik
  - Ürəkbulanma və qusma
  - Qarında ağrı, xüsusilə sağ qabırqaaltı nahiyədə
  - İştahahın azalması
  - Subfebril hərarət
  - Sidiyin tünd rəngdə olması
  - Əzələ ağrıları
  - Qaşınma
  - Bəzən dəri və selikli qişaların saralması

Gedişi və yoluxma yolları


Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya- özünü bərpa- qabiliyyətinə malik olan orqandır. Hər bir zədə zamanı qaraciyər toxuması onu tezliklə aradan qaldıra və məhv olmuş hepatositləri tezliklə yeniləri ilə əvəzləyə bilir. Amma virus hepatitləri də daxil olmaqla elə xəstəliklər var ki, onlar elmə tam məlum olmayan mexanizmlə qaraciyərdə birləşdirici toxumanın yaranmasına səbəb olur və sirrotik dəyişikliklər yaradırlar.

Hepatit A bu gün müəyyən edilmiş Hepatit (qaraciyərin iltihabi zədələnməsi) törədə bilən altı virusdan biridir. Digərləri Hepatit B, C, D, E və G-dir və qaraciyərdə törətdiyi iltihabi prosesin dərinliyi və yayılma yolları ilə bir-birindən fərqlənir.  

Hepatit A virusu adətən fekal-oral yolla keçir. Siz vurusla çirklənmiş su içməklə və ya onunla yuyulmuş qidanı qəbul etməklə yoluxa bilərsiniz. Hətta daşıyıcı olan insanın tualetdən sonra əlini yumadan hazırladığı qidanı yeməklə və ya onunla yaxın ələqədə olmaqla yoluxa bilərsiniz. Tez-tez rast gəlinən yoluxma yollarından biri də çirklənmiş suda böyümüş dəniz qidasının bişirilməmiş qəbul edilməsidir. Hepatit A virusu cinsi yolla və qan vasitəsilə də keçə bilər.

Risk faktorları

Aşağıdakı hallarda Hepatit A virusu ilə yoluxma riski var:
  - Hepatit A infeksiyasının geniş yayıldığı regionlara səfər edənlər. İsveçrədə aparılmış tədqiqatlar göstərir ki, inkişaf etməkdə olan ölkələrə səfər edənlərin hər min nəfərindən 3-6-sı Hepatit A virusu ilə yoluxur.  
  - Hemoseksuallar
  - Qeyri-qanuni narkotiklərin istifadəçisi
  - Hepatit A ilə bağli elmi-tədqiqat işi aparılan mühitlə əlaqəsi olanlar
  - Hemofiliya xəstələri, çünki bu  xəstələrə tez-tez laxtalanma faktorlarının konsentratları köçürülür
  - Bəzi hallarda qan köçürməsi zamanı da Hepatit A ilə yoluxma qeyd olunur
Həkimə nə zaman müraciət etməli
Yuxarıda sadalanan əlamətlər olarsa və hər hansı bir risk faktoru ilə təmasdasınızsa həkimə müraciət etməniz tövsiyyə edilir.

Müayinə


Həkiminz sizə aşağıdakı müayinələri məsləhət edəcəkdir:
  - Qanın ümumi analizı
  - Qanın biokimyəvi analızi (bilirubin və fraksiyaları, ALT, AST)
  - Hepatit A anticisimlərinin təyini (Anti-HAV IgM, Radioimmunoassay üsulu ilə). Amma bu test xəstəlik zamanı, hətta ondan 1 ay sonra belə mənfi ola bilər. Odur ki, sağaldıqdan sonra da müayinənin aparılması məqsədəuyğundur.
  - Qaraciyərin Ultrasəs Müayinəsi. Bununla qaraciyərdə olan zədələnmənin dərəcəsi müəyyən edilir.
  - Həkim ağırlaşmalar və yanaşı gedən xəstəliklər zamanı digər müayinə usulları təklif edə bilər.

Müalicə

Hepatit A-nın elə bir spesifik müalicəsi yoxdur. Bu hallarda əsas hədəf bədənin ümumi müqavimətinin saxlanması və artırılmasıdır. Xəstəlik dövründə qidalanma vacibdir. Adətən xəstələrin səhərlər iştahası daha yaxşı olur nəinki axşamlar. Odur ki, səhərlər daha zəngin qida xəstənin infuziyalardan daha az asılı olmasına kömək edər.

Hepatit A diaqnozu qoyulmuş insan qəbul etdiyi dərmanlar haqqında həkimini məlumatlandırmalıdır. Çünki elə dərmanlar var ki, Hepatit zamanı qəbul etmək məqsədəuyğun deyil. Xəstəlik zamanı və bir müddət sonra spirtli içki qəbulu tam arzuolunmazdır.  Bu qaraciyərdə olan zədələnməni daha da dərinləşdirə bilər və “oda benzin tökmək” effektini verə bilər.
 
Profilaktika

  - Ən yaxşı profilaktika peyvənd hesab edilir. Peyvənd sizi Hepatit A-dan 20 il müddətinə qoruya bilər.
  - İmmunoqlobulin qəbulu (immunizasiya) da effektiv profilaktik vasitə hesab edilir. Amma o qisa müddət ərzində təsir edir (maksimum 3 ay). İmmunoqlobulin tez təsir göstərməyə başlayır və adətən riskli regionlara qisamüddətli səfərlər zamanı məsləhət görülür.
  - Əgər siz Hepatit A keçirmişsinizsə sizin peyvəndləməyə və immunizasiyaya ehtiyacınız yoxdur. Çünki sizin bədəninizdə artıq virusa qarşı formalaşmış anticismlər mövcuddur. Amma onlar sizi digər Hepatit viruslarından xilas etməyəcək.
  - Gigyenik qaydalara ciddi əməl edin. Bununla siz Hepatit A virusu ilə çirklənmiş su və qidadan virusa yoluxma ehtimalınızı azaltmış olarsınız.

Ədəbiyyat:

1. Chronic Viral Hepatitis. Diagnosis and Therapeutics Series: Clinical Gastroenterology. Shetty, Kirti; Wu, George Y. (Eds.) 2nd ed., 2009

 Yeniləyib: Dr.med.Yaqublu Vüqar

Bölüş
 
Banner