Banner
Qaraciyər Biopsiyası PDF

Qaraciyər biopsiyası xüsusi iynə vasitəsilə qaraciyərdən bir tikə toxuma götürməklə həyata keçirilir. Bir çox hallarda qeyri-invaziv qaraciyər müayinələri (Ultrasəs müayinəsi, Kompüter Tomoqrafiyası, Laborator Qaraciyər Sınaqları və s.) qaraciyərdə olan patologiya haqqında həkimə ətraflı məlumat vermir. Biopsiya zamanı götürülmüş qaraciyər toxuması xüsusi patohistoloji müayinə üsulu ilə tədqiq edilir. Bu müayinə  qaraciyərin zədələnmə səviyyəsinin dəqiq müəyyən edilməsinə və ən düzgün müalicə taktikasının seçilməsinə imkan verir.

Hazırlıq

Hər şeydən öncə həkim qan laxtalanma sisteminin normal olub-olmamasını yoxlayacaqdır. Həkimə müayinə gününə qədər istifadə etdiyiniz bütün dərmanlar haqqında məlumat verin.  Çünki elə dərmanlar var ki, onlar qanın laxtalanma qabiliyyətini azaldır və bunu həkiminizin bilməsi çox vacibdir. Qaraciyər biopsiyasının çatışmayan cəhətlərindən biri prosedurdan sonra qaraciyərdə mümkün olan qanaxmadır. Odur ki, həkim adətən biopsiyadan bir həftə öncə qanın laxtalanma qabiliyyətini azalda bilən bütün dərman maddələrinin (məsələn, aspirin, ibuprofen və s.) kəsilməsini istəyəcəkdir.

Proseduradan 8 saat öncə yemək və içmək olmaz və xəstəxanaya prosedurdan bir neçə saat öncə gəlməniz arzuolunandır. Həkiminiz sizə digər xüsusi instruksiyalar verə bilər.

Prosedurun həyata keçirilməsi

Qaraciyər biopsiyası kiçik cərrahi əməliyyat hesab edilir və xəstəxana şəraitində həyata keçirilməsi tövsiyyə olunur. Prosedur zamanı sizə ağrıkəsici vurulacaq və siz proseduru özünüz müşahidə edə biləcəksiniz. İstəyinizdən aslı olaraq sizə yuxugətirici də vurula bilər. Amma bu məsləhət görülmür, çünki siz nəfəsalma və nəfəsvermə hərəkətlərinizlə  qaraciyərdə spesifik nayihəni tapmaqda həkimə kömək edə bilərsiniz. Prosedur zamanı siz arxası üstə uzanıb sağ əlinizı boyun arxasına qoymalısınız və həkim biopsiya nahiyəsini antiseptiklərlə təmizləyərək steril ağ ilə əhatələyəcək.  Həkim yerli keyləşdirmə üçün bir-iki inyeksiya edəcək, bəzən kiçik kəsik apara bilər və bu nöqtədən xüsusi biopsiya iynəsi ilə qarın divarından keçərək qaraciyərdən toxuma götürəcəkdir. Bəzi hallarda qaraciyərin spesifik nöqtəsindən biopsiya götürmək üçün həkim ultrasəs aparatının nəzarətindən istifadə edə bilər.

Prosedur zamanı çox sakit olmaniz gərəkdir. Hərəkət və ya tənəffüs etməniz nəticəsində ağ ciyər və ya öd kisəniz zədələnə bilər. Biopsiya anında həkiminiz bir anlığa nəfəsinizi  saxlamağı xahiş edəcəkdir. Bu zaman həkim iynəni qaraciyərə daxil edir. İynə xaric olduqdan sonra siz normal nəfəs ala bilərsiniz. Ola bilsin bu prosedur bir neçə dəfə təkrar olunsun. Qaraciyərdən biopsiyanın götürülməsi proseduru bütövlükdə 20-30 dəqiqə çəkir.

Qaraciyər biopsiyasının, az-az da olsa istifadə edilən, laparoskopik və transvenoz üsulları da vardır. Birinci üsul zamanı, ümumi narkoz altında laparoskopik yolla qarın boşluğuna daxil olunur və həkim vizual nəzarət ilə qaraciyərdən bioptat götürür. Adi biopsiya ilə müqayisədə bir qədər mürəkkəb üsul olsa da, spesifik hallarda daha informativ və az təhlükəlidir. Bu üsul  qaraciyərin aydın görünüşünün alınmasına və proseduranın vizual nəzarət altında həyata keçirilməsinə imkan verir.  Yanaşı olaraq laparoskopiya zamanı digər müayinə və müalicəvi tədbirlər də həyata keçirilə bilər. Transvenoz biopsiya zamanı boyun venasından kateter adlanan nazik boru keçirilərək qaraciyərə daxil edilir və bioptat götrülür. Xəstənin laxtalanma sistemində pozğunluğun olması və ya qarında mayenin olması adi üsulla biopsiyanı çətinləşdirdiyi üçün bu növ biopsiyadan istifadə edilir.

Prosedurdan sonra

Biopsiyadan sonra iynə daxil edilən yerə sarğı qoyulur və sizə sağ böyrünüz üzərində uzanmaq tövsiyyə edilir. Bəzən sağ böyrünüzə bərk yastıq və ya bükülmüş dəsmal qoyula bilər ki, qaraciyər 1-2 saat ərzində sıxılmış vəziyyətdə qalsın. Sız prosedur edilən gündə evə də gedə bilərsiniz, amma bir gün xəstəxanada qalmanız tövsiyyə olunur. Evə dönmək qərarı verərsinizsə, evdə 7-8 saat yataq rejimində olmanız məsləhətdir. Prosedur edildikdən sonra bir həftə ərzində ağır işlə məşğul olmanız məsləhət deyil.

Prosedurdan sonra bir müddət iynə yerində və sağ qolunuzda müəyyən ağrı və narahatlıq olacaqdır. Ağrıya səbəb diafraqma əzələsinin qıcıqlanmasıdır və adətən sağ qola yayılır. Amma bir həftə ərzındə bu narahatlıqlar ötüşəcək. Həkiminiz sizə prosedurdan sonra bir müddət ağrıkəsici təyin edə bilər. Amma  Aspirin, İbuprofen sırasından olan ağrıkəsiciləri prosedurdan sonra da bir həftə ərzində qəbul etməkdən çəkinin. Belə dərmanlar sağalma üçün vacib olan laxtalanmanı azaldır.

Hər  bir cərrahi əməliyyat və prosedurlarda olduğu kimi, qaraciyər biopsiyasının da öd kisəsinin zədələnməsi, infeksiyalaşma, ağrı kimi ağırlaşmaları olur. Amma onların rastgəlmə tezliyi çox aşağıdır.

Bölüş
 
Banner
E-systems