Banner
Anesteziya, epidural PDF

Cərrahi əməliyyatların müəyyən faizi  orqanizmin ancaq bir hissəsinin keyləşməsini tələb edir. Məsələn ayaqlarda, çanaqda olan əməliyyatlar. Bu tip əməliyyatlarda epidural və spinal anesteziyanın istifadəsi məqsədə uyğundur. Lakin bu tip anesteziyaya razılığı ancaq siz verə bilərsiniz. 

Anatomiyası

Onurğa sütunu fəqərələrdən təşkil olunmuşdur. Fəqərələrin dəliklərinin əmələ gətirdiyi kanal vasitəsi ilə bütün orqanizmimizdən sinirlər beyinə gedir və hissiyatı beynimizə “naqil” kimi ötürür. Epidural və spinal anesteziyanın aparılmasında məqsəd həmin bu ötürücülüyün qarşısını almaqdır. Belə ki, epidural sahə adlanan boşluğa yerli keyləşdiricinin vurulması bu ötürücülüyü blokə edir. Spinal anesteziya zamanı isə keyləşdirici spinal mayeyə yeridilir. Anesteziya aparılan müddətdə sizin ayaqlarınız keyləşə bilər və sidiyinizin xaric edilməsinin idarə olunması üçün sidik kateterinə ehtiyacınız ola bilər.

Prosedur

Sizin qolunuzda vena daxili dərmanları vura bilmək üçün venoz kateter yerləşdirəcəklər. Kürəyiniz dezinfeksiya olunacaq və  anesteziya olunacaq yer əlavə olaraq keyləşdiriləcək. Bundan sonra uzun iynə ilə sinirlərin ətrafı keyləşdiriləcək. Prosedur adətən ağrısız olur. Lakin sizin oturuş vəziyyətiniz bir qədər narahatçılıq törədə bilər. Əməliyyat ərzində sizin yata bilməniz üçün sizə yüngül yuxugətirici verilə bilər. Əməliyyat ərzində sizin təzyiqiniz, nəbziniz və digər göstəriciləriniz anestezioloq tərəfindən nəzarətdə olacaq. 

Ağırlaşma və risk

Belə prosedur demək olar ki təhlükəsizdir. Ağırlaşmalar nadir hallarda olur.Ağırlaşmaların qarşısını siz həkimə verəcəyiniz məlumatla ala bilərsiniz. Məsələn dərmanlara allergiyanızın olub olmamağını, əvvəllər keçirdiyiniz xəstəliklərin olub olmadığını, kürəyinizlə əlaqədar problemlərinizin olub olmadığını dəqiq deməklə. Eyni zamanda bəzi xəstəlikərin irsi olduğunu nəzərə almaqla yaxın qohumlarınızın anesteziya ilə problemlərinin olub olmadığını da deməyiniz məsləhətdir. Əməliyyatdan sonra bəzi hallarda ürəkbulanma və qusma ola bilər, lakin bu hal asanlıqla qusma əleyhinə olan dərmanlarla aradan qaldırılır. Əməliyyatdan sonra ağrı, hərarət, tənginəfəslik, ayaqlarda ödəm əmələ gələrsə təcili həkimə müraciət etməyiniz məsləhətdir. Əməliyyatın gedişindən asılı olaraq bəzən anesteziyanın növünü dəyişməyə ehtiyac olur. Bu yalnız ekstrimal hallarda aparılır.

Bölüş
 
Banner
E-systems