|
Kolonoskopiya dedikdə yoğun bağırsağın arxa keçəcəkdən kor bağırsağa qədər borulu alətlə müayinəsi başa düşülür. Bağırsaqların müainəsi endoskopik prosedurlara aiddir, istifadə edilən alət isə kolonoskop adlanır. Bu, optik hissədən və işıq mənbəyindən ibarət olan güzgülü alətdir. Bu optik sistem bağırsağın daxili səthini işıqlandırmağa və ona birbaşa yaxud monitorda (videoendoskop) baxmağa imkan verir. Bundan başqa, maşayabənzər alətlə bağırsağın selikli qişasından kiçik toxuma nümunələri də götürmək (Biopsiya) və onu mikroskop altında müayinə etmək mümkündür. Tələb olunarsa nazik bağırsağın son santimetrlərinə də baxmağa cəhd etmək olar. Əgər yoğun bağırsağın bütün hissələrinə deyil, yalnız bağırsağın aşağı hissəsi olan düz bağırsağa baxılırsa, bu halda söhbət Rektoskopiyadan (düz bağırsaqın müaynəsi) gedir. Bağırsağın müayinəsi həm ambulator şəraitdə, əksər hallarda daxili xəstəliklər üzrə ixtisaslaşmış müayinəxanada, yaxud da stasionar şəraitdə Həkim-Qastroenteroloq tərəfindən aparılır. Bağırsaqların müayinəsi nə vaxt aparlır? Müxtəlif şikayətlərin aydınladırılması zamanı bağırsaqların müayinəsi qaçılmaz ola bilər. Belə şikayətlərə defekasiya aktının istənilən növ pozulması, qanlı nəcis, naməlum səbəbli arıqlama, qarında ağrı aiddir. Nəcisdə qan gözlə görünən və gizli ola bilər. Gizli qan nəcis testi ilə aşkarlana bilər. Müayinəyə hazırlıq. Kolonoskopiyadan öncə bağırsaq tamamilə nəcisdən təmizlənməlidir ki, selikli qişa tam müşahidə oluna bilsin. Kolonoskopiyaya bir neçə gün qalmış karbohidratlarla zəngin qidalar (məs., kəpəkli undan bişirilmiş çörək, kivi, üzüm) qəbul olunmamalıdır. Müayinəyə 24 saat qalmış ağır yeməklər yeyilməməlidir. Daha çox maye qəbulu (məs., su, çay) tövsiyyə olunur. Bağırsaqların müayinəsi necə aparılır? Müaynə ambulator şəraitdə, yaxud xəstəxanada aparıla bilər. Elastik alət olan Koloskop anal dəlikdən düz bağırsağa yeridilir. Sonra bağırsaq büküşlərini açmaq və görmə sahəsini yaxşılaşdırmaq üçün hava vurulur. Bundan sonra boru yoğun bağırsağın sonuna qədər – kor bağırsağa qədər yeridilir. Eyni zamanda, appendiksi çıxarılmış xəstələrdə də bağırsaqların müayinəsi normal olaraq aparıla bilər, çünki bu əməliyyat zamanı kor bağırsaq yox, yalnız onun soxulcanabənzər çıxıntısı kəsilib çıxarılır. Əgər müayinə zamanı həkim selikli qişada dəyişiklik görsə, endoskopun nəzarəti altında bu hissədən toxuma nümunəsi (Biopsiya) götürə və onu mikroskop altında müayinə edə bilər. Eləcə də poliplər (bunlar kiçik şişkinliklərdir) bağırsaq səthində inkişaf edir və yeridilmiş elektrik ilgəyi ilə götürülə bilər. Bu prosedur bir qayda olaraq ağrısızdır. Poliplərin çıxarılması Kolonoskopiyanın ən böyük üstünlüklərindən biridir, belə ki, bağırsaq xərçəngi uzun illər əzrində müvafiq poliplərdən inkişaf edir. Poliplərin çıxarılması bağırsaq xərçənginin inkişafının qarşısını effektiv ala bilər. Selikli qişanın dəyişiklikləri də endoskopun nəzarəti ilə aradan qaldırıla bilər. Müayinə ağrılı yaxud xoşagəlməzdirmi? Müayinəyə hazırlıq, hər şeydən öncə defekasiyann zəifləməsi, qidalanma intervalları bir çox xəstələr üçün müayinənin özündən daha xoşagəlməz olur. Havanın vurulması zamanı bağırsağın hamarlanması nəinki xoşagəlməz, hətta bəzi hallarda ağrılı da ola bilər. Müayinədən öncə sakitləşdirici və ağrıkəsici iynənin vurulması bu cür xoşagəlməz hissiyyatdan qaçmağa imkan verir. Bundan başqa, vurulmuş hava meteorizmə səbəb ola bilər ki, bu da təbii yollarla xaric olur. Hansı xəstəliklər aşkarlana bilər? Kolonoskopiyanın vacib funksiyası bağırsaq xərçənginin erkən diaqnostikasıdır – vaxtında aşkarlanarsa əksər hallarda cərrahi əməliyyatla aradan qaldırıla bilər. Bir tərəfdən bağırsaq xərçənginə meyilli olan insanlarda, digər tərəfdən şübhəli əlamətlər aşkarlanan xəstələrdə - qanlı nəcis, defekasiya aktının pozulması, səbəbsiz arıqlama, eləcə də yaşı 55-dən yuxarı olanlarda aparılması vacibdir. Bağırsaq xərçənginin ilk mərhələsi poliplərdir ki, bunlar da endoskopik olaraq aşkarlana, çıxarıla və mikroskopik olaraq müayinə olunab bilər. Əgər çıxarılmış polip bədxassəli degenerasiya etmişsə, bağırsaqın zədələnmiş hissəsinin cərrahi olaraq çıxarılması labüddür. Tez-tez rast gəlinən digər bir xəstəlik selikli qişanın şişkinləşməsi ilə müşahidə olunan divertikullardır. Bunlar da kolonoskopiya ilə asanlıqla aşkarlana bilər. Kolonoskopiya ilə aşkarlana bilən digər vacib xəstəliklər bağırsağın xronik iltihabi xəstəlikləri olan Kron Xəstəliyi (Morbus Crohn) və Xoralı Kolitdir (Colitis ulcerosa). Hansı risk və ağırlaşmalara rast gəlinir? Həzm traktının aşağı şöbələrinin müayinəsi, ümumiyyətlə, rutin bir porosesdir. Buna baxmayaraq yenə də nadir hallarda ağırlaşmalara rast gəlinə bilər və bunlar həyati təhlükəli ola bilər. Bəzi hallarda bağırsaq divarı zədələnir və qanaxma ilə müşayiət olunur. Eləcə də, qanaxmaya səbəb toxuma nümunəsinin götürülməsi ola bilər, bu isə, əksər hallarda, özü dayanır. Çox nadir hallarda güclü qanaxmalara rast gəlinir, bu zaman dərhal qansaxlayıcı preparatlardan istifadə edilməlidir. Nadir hallarda bağırsaq divarının deşilməsi – perforasiya baş verə bilər ki, bu da təcili cərrahi müdaxilə tələb edir. Perforasiya zamanı qarın boşluğuna düşən bakteriyalar peritonitə səbəb ola bilər. Ümumiyyətlə isə ağırlaşma riski yoğun bağırsaqdakı xəstəliyin növündən və həcmindən asılıdır. Bunlarla yanaşı, sakitləşdirici vasitələr ürəkbulanma, qusma, qaşınma kimi allergik reaksiyaya səbəb ola bilər ki, bu da çox vaxt özü-özünə keçir. Tənəffüs və qan dövranının pisləşməsinə də səbəb sakitləşdirici vasitələr ola bilər. Bu problemlər müayinə vaxtı aşkarlanır və buna qarşı tədbirlər görülür. Nadir halda mikroblar qan dövranına düşür və sepsisə səbəb ola bilər. Zədələnmiş, yaxud süni ürək qapaqcıqları olan xəstələrdə isə bakteriyaların qapaqcıqlarda məskunlaşmasının (Endokardit) qarşısını almaq üçün müayinədən öncə antibiotik qəbul etməlidirlər. Nələrə xüsusi diqqət yetirmək lazımdır? Əgər xəstəyə kolonoskopiya müayinəsindən öncə sakitləşdirici iynə vurulubsa, o, bir az yatacaq. Sakitləşdirici iynədən sonra 24 saat müddətində nəqliyyat vasitələrini idarə etmək olmaz. Bağırsaqların müayinəsi nəticəsində arxa keçəcəkdə əgər ağrı, yaxud qanlı ifrazat olarsa, həkimə məlumat vermək lazımdır. Hansı alternativ müayinə üsulları var? Həzm traktının aşağı şöbələrinin patoloji prosesləri barədə məlumatı, kontrast məhlul ilə rentgenoloji müayinə ilə də almaq olar. Buna Kontrast imaləsi deyilir. Ancaq, rentgen aparatı ilə müayinə az həssasdır və xəstəlik başlanğıc mərhələdə aşkar olunmur. Bundan başqa, rentgen müayinəsi şüalanma ilə müşayiət olunur, eləcə də toxuma nümunəsi götürmək və digər bir müdaxilə mümkün deyil. Lakin kontrast məhlul bağırsaqlarla digər orqanlar arasında əmələ gələn fistulalara keçərək onları aşkara çıxara bilər ki, bu da kolonoskopiya ilə mümkün deyil. Virtual kolonoskopiya adlandırılan Kompüter Tomoqrafiya yaxud Maqnit Rezonans Tomoqrafiyanın köməyilə aparılan kolonoskopiya zamanı bütün qarın böşluğu müayinə olunur. Bu müayinə, məqsədindən asılı olaraq, təqribən 3-5 dəqiqə davam edir. Müasir kompüter proqramı stereoskopik təsvir yaradır ki, bu da xəstənin bağırsağının virtual modelini əmələ gətirir. Bunun sayəsində bağırsağın polipləri (iri ölçülü) və şişləri aşkarlana bilər. Müayinədən öncə, xəstə, bağırsağı təqribən 10 dəqiqə müddətində immobilizasiya edən xüsusi dərman qəbul edir. Sonra nazik borudan yoğun bağırsağa 2 l-dən 4 l-ə qədər hava vurulur. Bağırsağın normal müayinəsində olduğu kimi virtual kolonoskopiyada da bağırsaq təmiz olmalıdır. Bütün alternativ üsullar ümumidir, selikli qişaya baxış və onun qiymətləndirilməsi, şübhəli nahiyələrdən toxuma nümunələrinin götürülməsi bilavasitə mümkün deyil. Bu üsullarla yalnız böyük ölçülü şişləri aşkar etmək mümkündür, kiçik dəyişikliklərdə isə çətindir. Sözsüz ki, yoğun bağırsağın müayinəsində istifadə olunan texniki avadanlıqlar gələcəkdə təkmilləşdiriləcək.
Bölüş |