ETİBB Onlayn Tibb Maarifi
Banner
Öd kisəsinin xərçıəngi PDF Çap et E-mail

Öd kisəsi və öd yolları xərçəngi az-az rast gəlinən xərçəng növüdür.  Öd kisəsi xərçəngi erkən mərhələlərdə əsasən heç bir şikayət törətmir və adətən öd daşı xəstəliyi zamanı öd kisəsinin çıxarılması əməliyyatında müəyyən edilir. Öd kisəsi xərçəngi cərrahi əməliyyat zamanı adətən gecikmiş mərhələdə olur və müalicənin effektiv nəticələnməsini çətinləşdirir. Tədqiqatlar müəyyən edib ki, yalnız 25% hallarda öd kisəsi xərçəngi inkişafının ilkin mərhələlərində müəyyən edilir və uğurla müalicə edilir. Gecikmiş öd kisəsi xərçəngi isə yalnız törətdiyi şikayətlərin azaldılması məqsədilə müalicə edilə bilər.

Əlamətləri

Öd kisəsi xərçəngi, yuxarıda qeyd edildiyi kimi, az-az hallarda şikayət törədir. Bu zaman törənən narahatçılıq adətən öd daşı və ya iltihabına xas olan şikayətlərə oxşar olur.  Bu əlamətlərə aşağıdakılar göstərilə bilər:
  - Ağrı – əsasən epiqastral və sağ qabırğaaltı nahiyədə qeyd olunur və sağ kürəyə və ya çiyinə irradiasiya edir.
  - İştahasızlıq və ümumi zəiflik - ağrıların və kəskin iltihabi prosesin nəticəsi olaraq meydana çıxır.   
  - Ürəkbulanma və qusma –  öd kisəsi xərçəngi zamanı meydana çıxan ağrılar və yanaşı gedən iltihabi proses nəticəsində meydana çıxır.  
  - Dəri və görünən selikli qişaların sarı rəngdə olması – qırmızı qan hüceyrələrinin parçalanması nəticəsində əmələ gələn bilirubinin miqdarının qanda artması nəticəsində əmələ gəlir. Bilirubin adətən qaraciyərdə parçalanaraq qandan təmizlənir. Amma öd yollarının şiş nəticəsində tutulması qaraciyərin bu funksiyasının pozur və bilirubinin qanda toplanmasına səbəb olur.   
  - Nəcisin rənginin ağarması – ödün bağırsaqlara axınının pozulmasını göstəirir. Öd nəcisin rənglənməsində iştirak edir.
  - Sidiyin rənginin tündləşməsi – qanda artmış olan bilirubinin böyrəklər vasitəsilə xaric olması nəticəsində baş verir.
  - Qaşınma – qanda bilirubinin miqdarının artması ilə əlaqələndirilir.
  - Arıqlama – insanın iradəsindən aslı olmayaraq azalmağa meyilli olur.
Risk faktorları
Aşağıda göstərilən faktorlar öd kisəsi xərçənginin inkişafına səbəb ola bilər:
  - Öd daşı – öd kisəsinin funksiyasını pozur və öd toxsinləri kisədə uzun zaman qalaraq hüceyrələrə zədələyici təsir göstərir.
  - Yaş – öd kisəsi xərçəngi əsasən yaşı 65-dən çox olan insanlarda rast gəlinir
  - Cinsi mənsubiyyət – öd kisəsi xərçəngi qadınlarda kişilərə nisbətən iki dəfə çox rast gəlinir. Bunun səbəblərindən biri qadınlarda esterogen hormonun təsiri hesab edilir.
  - Öd yollarının anormallığı – insanlarda ümumi öd axarı ilə mədəaltı vəzinin axarı birləşərək 12 barmaq bağırsağa açılır. Bu zaman mədəaltı vəzinin şirəsi öd axarlarına keçmir. Amma bəzi insanlarda öd yollarının anormallığı mədəaltı vəzi şirəsinin ümumi öd axarına keçir və hüceyrələri zədələyə bilir. Bu isə xərçəng ehtimalını artırmış olur.
  - Öd daşı xəstəliyi – öd kisəsi xərçənginin yaranmasına təkan verən əsas faktorlardan hesab edilir.
  - Öd kisəsinin polipi – kisə daxilində olan normal çıxıntı hesab edilir. Amma o bir çox hallarda daxilində bədxassəli hüceyrələr saxlaya bilir ki, bu da xərçəngin inkişafına səbəb olur.
  - Pəhriz – karbohidratla zəngin, liflərin az olduğu qida öd kisəsi xərçənginin inkişafına təkən vərə bilir.
  - Zərərli kimyəvi maddələr və toksinlər – bəzi sənaye sahələrində işləyən insanlar davamlı olaraq müəyyən kimyəvi maddələrin təsirinə məruz qalırlar ki, bu da xərçəngin inkişafına səbəb ola bilər. Belə maddələrdən ən təhlükəlisi azotoluene,  thorium dioxide hesab edilir. Bu maddələr həm qaraciyər, həm də öd kisəsi xərçəngi törədə bilir. Dioxin, nitrosamine və polychlorinate biphenyl kimi maddələrin də öd yolları xərçənginin yaranmasında rolu müəyyən edilmişdir.  
  - Piylənmə - çəkisi yüksək olan insanlarda öd kisəsi xərçənginin əmələ gəlmə ehtimalı yüksəlmiş olur. Müəyyən edilmişdir ki, hər dörd xəstədən birində öd kisəsi xərçəngi piylənmə ilə bağlıdır.
  - Birinci sklerozlaşan xolangiti olan xəstələrdə zaman-zaman baş verən xolangit hücumları nəticəsində öd yolları daralır və öd toksinlərinin uzunmüddətli  təsiri öd yollarında xərçəngin formalaşmasına təkan verə bilir.
  - İrq – bəzi irqə mənsub olan insanlarda öd kisəsi xərçənginə daha çox rast gəlinir. Bele irqlərə amerika hindularını və latın amerikalılarını göstərmək olar
  - Xoralı koliti  olan xəstələdə də yanaşı olaraq öd kisəsi və yollarının xərçənginin inkişafı ehtimalı qeyd olunur.
 Həkimə nə zaman müraciət etməli

Aşağıdakı hallarda həkimə müraciət etməniz tövsiyyə edilir:

  - Dəri və görünən selikli selikli qişalarda sarılıq  
  - Ürəkbulanma və qusma
  - Qarında ağrı
  - Kəskin qaşınma
  - Sidiyin rənginin tündləşməsi
  - Nəcisin rənginin açıq rəngdə olması

Müayinə planı

Yuxarıdakı şikayətlərdən biri olarsa və öd kisəsi və öd yolları xərçənginə şübhə varsa həkim aşağıdakı müayinələri təklif edə bilər:
  - Qanın biokimyəvi analizi: Bilirubin və fraksiyaları, Qələvi Fosfataza, ALT, AST  və s.
  - Abdominal Ultrasonoqrafiya
  - Abdominal Komputer Tomoqrafiyası
  - Maqnit Rezonans Tomoqrafiya (MRT)
  - Endoskoipk Retroqrad Xolangioqrafiya (ERCP)
  - Biopsiya

Müalicə

Öd kisəsi xərçənginin müalicəsi xərçəngin tipi və mərhləsi, eləcə də yaş, ümumi sağlamlıq vəziyyəti, şəxsi seçim kimi faktorlardan aslı olaraq fərqli olur. Xüsusilə də xəstəliyin ağır dərəcəsində müalicə metodunun seçilməsi çətin olur.  Bu halda xəstənin və ya qohumlarının düzgün və çevik qərar verməsi vacib şərtlərdəndir.

Müalicənin əsas məqsədi xərçəngin tam yox edilməsidir. Xərçəngin ilkin mərhələlərində cərrahi əməliyyat vasitəsilə öd kisəsinin çıxarılması ilə effektiv müalicə mümkündür. Xərçəngin ətraf toxumalara sirayət etməsi hallarında əməliyyatın həcmi artırıla bilər. Bu zaman qaraciyər hissəvi götürülə və prosesə cəlb olunmuş limfa düyünləri çıxarıla bilər. Cərrahi müalicə mümkün olmayan hallarda isə xərçəngin inkişafının qarşısının alınması müalicənin əsas hədəfinə çevrilir.Palliativ adlanan bu müalicə metodunun əsas məqsədi xərçəngin tam çıxarılması deyil onun törətdiyi şikayətlərin azaldılmasıdır. Palliativ müalicə zamanı Rentgen süaları vasitəsilə radioterapiya və xərçəng əleyhinə dərman maddələrinin tətbiqi ilə kimyaterapiya təyin edilə bilər. Bu iki müalicə üsulu ayrılıqda və ya müştərək tətbiq edilə bilər.
 



  

Bölüş
 
Banner