Bütün məqalələr

Abses bədənin istənilən yerində əmələ gələ bilən və iltihablaşmış toxuma ilə əhatə olunan irin toplantısıdır.  Absesin əmələ gəlməsinin əsas səbəbi toxumanın infeksiyalaşması və bədənin immun sisteminin onunla mübarizəsidir. Ağ qan hüceyrələri damar divarından keçərək infeksiya yerinə hərəkət edir və zədələnmiş toxumada olan bakteriya və yad cisimləri məhv etməyə çalışır. Bu proses nəticəsində irin formalaşır. İrinin formalaşması ilə yanaşı onun ətrafında irinin qonşu toxumalara yayılmasının qarşısı alınsın.

İrin özlüyündə maye, sağlam və ölmüş ağ qan hüceyrələrindən, ölmüş toxumalardan, bakteriya və digər yad maddələrdən təşkil olunmuşdur. Abses daha çox bakteriyalar, parazit və yad maddələr tərəfindən törənir. Abses tər və ya piy vəziləri axarlarının tutulması nəticəsində də əmələ gələ bilər.  İmmun sistemi zəif olan insanlarda abseslər daha tez-tez əmələ gəlir. Çünki belə insanlarda orqanizmin müdafiə sistemi bakteriya və yad cisimlərə qarşı kifayət dərəcədə mübarizə apara bilmir. Aşağıdaki hallar absesin əmələ gəlmə riskini daha da artırır:
  - Diabet
  - Xərçəng
  - Kimyəvi terapiya (xərçəng xəstələrində)
  - Dializ alan xəstələr
  - Böyrək çatışmazlığı
  - AİDS
  - Leykemiya
  - Periferik damar xəstəliyi
  - Kron xəstəliyi
  - Yaralı kolit
  - Ağır yanıqlar
  - Ağır travmalar

Əlamətləri

Absesin əlamətləri yerləşdiyi yerdən aslı olaraq fərqli ola bilər. Amma əsasən aşağıdakı əlamətlər qeyd oluna bilər:
  - Abses çox ağrılı olur
  - Səthi qırmızı rəngdə olur
  - Toxunduqda isti və gərgin olur
  - Bəzən absesin öz-özünə partlaması baş verir
  - Açılmayan abseslərin çoxu getdikcə daha  ciddi ağırlaşmalar törədir. İnfeksiya daha dərin toxumalara işləyər və hətta qan dövranına keçərək sepsis törədə bilər.
  - İnfeksiyanın yayılması hallarında yüksək hərarət, ürəkbulanma, qusma, ağrının artması, dəri üzərində qızartının artması ilə müşayət oluna bilər.
 
Hansı müayinələr aparıla bilər?

  - Həkim  ilk olaraq sizdən absesin formalaşma tarixçəsini soruşacaq: abses yerində zədələnmə olubmu, hər hansı dərman qəbul edirsinizmi, allergiyanız varmı, yüksək hərarətiniz olubmu və s.
  - Həkim abses və onu yaxın olan sahələri müayinə edəcək. Əgər abses anal dəliyə və uşaqlığa yaxındırsa həkim rektal və vaginal müayinə apara bilər.
  - Həkim sizin qoltuq altında və qasıq büküşünüzdə limfa düyününün olub olmamasını müayınə edəcək
  - Həkim qanın ümumi analizını təyin edə bilər
  - Əgər abses dəri səthində deyil digər nayihələrdədirsə həkim əlavə olaraq ultrasəs müayinəsi, computer tomoqrafiyası təyin edə bilər.

Müalicə

Əgər abses 1 cm-dən kiçikdirsə evdə isti kompress qoya bilərsiniz və bu absesin formalaşmasının qarşısını ala bilər. Özünü müalicədən maksimal çəkinin. Bəziləri formalaşmış absesi sıxaraq açmağa cəhd edirlər. Bu infeksiyalaşmış materialın daha dərin toxumalara keççəsinə səbəb ola bilər. İynə və ya iti ələtlə irinliyin açılması da təhlükəli ola bilər. Siz irinlik altında olan damarı zədələyə bilər  və infeksiyanın yayılmasına gətirib çıxarar. Odur ki, absesin xəstəxana şəraitində müalicəsi tövsiyyə olunur. Həkim yerli ağrısızlaşdırma altında abses boşluğunu açaraq xaricə dreləşdirəcək. Həkim yaranı bir müddət açıq saxlayır ki, abses boşluğunda olan irin tam xaric olsun. Yara amblator olraq gündə təmizlənir və sarğı olunur. Absesin böyük olmasıhallarında  ümumi ağrısızlaşmanın tətbiq edilə bilər və sizə bir neçə gün xəstəxana şəraitində müalicə təklif edilə bilər. 

Abses

...

Xəstəliklər / Dr.med. Yagublu Vüqar 941 dəfə oxunub

Kriqler-Nacar Sindromu (KNS) az  rast gəlinən və bilirubin mübadiləsinin defekti ilə səciyyələnən  qaraciyərin anadangəlmə irsi patologiyasıdır. Kriqler-Nacar Sindromu ilk dəfə 1952 (I Tip KNS) və 1962-ci (II Tip KNS) illərdə təsvir edilmişdir. Rast gəlmə tezliyi 1 milyon əhaliyə 0.6-1.0 nəfər düşür. 

KNS adətən doğuşdan sonra meydana çıxan və davamlı olan sarılığın səbəbinin tədqiqi zamanı üzə çıxarılır. KNS sərbəst hiperbilrubinemiya hesab edilir və qanda ümumi bilirubin sərbəst bilirubinin hesabına yüksəlmiş olur. Bu sindrom zamaı qanda ümumi bilirubinin miqdarı (Norma: <17 mkmol/l) 340-765 mkmol/l arasında tərəddüd edir. Digər irsi hiperbilirubinemiyalarda olduğu kimi KNS zamanı da qaraciyərin funksional testləri norma çərçivəsində olur.

Kriqler-Nacar Sindromunun iki tipi müəyyən edilir: I və II Tip Kriqler-Nacar sindromu.  II Tip KNS zamanı I Tipə nisbətən: bilirubin konsentrasiyası aşağı olur, kerniikterus, yəni baş beyinin yüksək bilirubin konsentrasiyası ilə zədələnməsi az olur, öd rənglənir, qaraciyərdə UGT1A1 enzimi az da olsa qeyd edilir, fenobarbital qəbulu qanda bilirubinin miqdarını 25% azaldır. II Tip Kriqler-Nacar sindromu zamanı fenobarbitalın təyini bilirubinin miqdarını 51-86 mkmol/l həddində saxlayır. I Tip Kriqler-Nacar sindromu zamanı qaraciyərdə heç bir UGT1A1 aktivliyi qeyd olunmur və fenobarbitalın təyini isə qanda bilirubinin miqdarına təsir etmir. I Tip KNS daha ağır patologiya hesab edilir və doğuşdan sonra erkən dövrdə meydana çıxır. II Tip KNS isə doğuşdan sonra gec de meydana çıxır və gedişi bir qədər mülayim olur.

Əlamətləri

Kriqler-Nacar Sindromu yenidoğulmuşlarda qeyd olunur və özünü davamlı sarılıqla biruzə verir. II Tip KNS zamanı sarılıq bir qədər gec meydana çıxa və intensiv olmaya bilər.

Səbəbləri

Kriqler-Nacar Sindromu irsi xəstəlik olub UGT1 gen ailəsində baş verən mutasiyalardan qaynaqlanır. Bu sindrom zamanı UGT1A1 enziminin sintezində çatışmazlıq qeyd olunur. UGT1A1 enzimi bilirubinin hepatositlərdən ödə nəql edilməsində əsaslı rol oynayır. Onun çatışmazlığı nəticəsində bilirubin hepatositlərdən xaric edilə bilmir və qanda toplanaraq hiperbilirubinemiya yaradır.

Diaqnostika

Yenidoğulmuşlarda sarılıq tez-tez rast gəlinir. Amma çox zaman bu sarılıq keçici olur və qaraciyər funksiyasının doğuşdan sonrakı ilk günlər tam formalaşmaması ilə əlaqədardır. Amma KNS zamanı sarılıq davamlı və artmağa meyilli olur. Qanın biokimyəvi müayinəsi zamanı ümumi bilirubinin miqdarı (Norma: <17 mkmol/l) 340-765 mkmol/l həddində yüksəlmiş olur. Bu artımın sərbəst bilirubin hesabına baş verməsi KNS haqqında düşünməyə əsas verir. Sarılğın digər səbəblərdən  meydana çıxa bilməsi inkar edilməli və Jilbert sindromu, kəskin hepatit, hemolitik sarılıq kimi xəstəliklərlə differensial diaqnostika aparılmalıdır. Bu zaman qaraciyər biopsiyası, qaraciyər enzimlərinin (ALT, AST) tədqiqi tövsiyyə oluna bilər.

Müalicəsi

I Tip Kriqler-Nacar sindromu zamanı müalicəyə daha çox ehtiyac duyulur. Müalicənin aparılmaması körpənin 2 yaşına çatmamış itirilməsi ilə nəticələnə bilər. Davamlı hiperbilrubinemiya zamanı baş verən kernikterus KNS-in ən ciddi ağırlaşması olduğu üçün onun qarşısının alınması əsas məqsəd olmalıdır. Kəskin dövrdə plazma və qan transfuziyası hiperbilirubinemiyanın azaldılması nöqteyi-nəzərindən əhəmiyyətli ola bilər. Bütün bədənin mavi işıqla süalandırılması bilirubinin parçalanması və daha həll olunan hala düşməsinə səbəb olur. Odur ki, fototerapiya istifadə edilməsi gərəkən ilkin effektiv müalicə metodlarından biri hesab edilir. Bununla yanaşı, oral kalsium fosfatın verilməsi də bilirubin ekskresiyasına kömək edir. Bu müalicə üsulları hiperbilrubinemiyanı müəyyən qədər azaltsa da tam müalicəvi effekt almaq mümkün olmur. Qaraciyər transplantasiyası I Tip KNS üçün daha təsirli müalicə vasitəsilə hesab edilir.
Gen terapiyası gələcək vəd edən müalicə üsulu kimi göstərilir. Eksperimental modellər üzərində aparılan tədqiqatlar gen terapiyasının effektiv ola biləcəyini göstərir.

II Tip KNS zamanı adətən müalicəyə ehtiyac duyulmur. Ağır hiperbilirubinemiyalar zamanı fenobarbital təyini, fototerapiya, plazma və ya qan köçürülməsi seçim müalicə üsulları ola bilər. Bu xəstələrə penisillin, sulfonamidlər və salisilatlar təyinatından çəkinmək lazımdır.

Proqnoz

I Tip KNS zamanı proqnoz elə də ürəkaçan deyil. Əgər müalicə aparılmazsa körpələrin əksəriyyəti 2 yaşına kimi vəfat edir. Amma yuxarıda sadalanan müalicə üsullarının son illər daha geniş tətbiqi hətta xəstənin yeniyetmə yaşına qədər qalmasını təmin edir. Amma xəstələrin həyat keyfiyyəti yüksək olmur. Qaraciyər transplantasiyası daha yaxşı proqnoz vəd edir. II Tip KNS zamanı proqnoz adətən normal və ya normaya yaxın olur.
 
Ədəbiyyat:
1. Harrison's Principles of Internal Medicine, 16th Edition, New York: McGraw-Hill, 2006
2. ABŞ-ın Mayo Klinikasının Xəstəliklərin Müayinə və Müalicə Rəhbərliyi.
3. Lucey JF, Suresh GK, Kappas A. Crigler-Najjar syndrome, 1952-2000: learning from parents and patients about a very rare disease and using the internet to recruit patients for studies. Pediatrics.  May 2000; 105(5): 1152-3

Kriqler-Nacar Sindromu

...

Xəstəliklər / 904 dəfə oxunub