Burun qanaxması

Burun qanaxmaları otorinolarinqologiyada ən çox rast gəlinən şikayətlərdən biridir. Hər yaş qrupunda rast gəlinən burun qanaxmaları həm yerli, həm də ümumi səbəblərdən əmələ gələ bilər.

Səbəbləri

Burunun daxilində böyük və səthi yerləşən damarlar vardır. Xüsusilə burun çəpərinin ön hissəsində buruna gələn damarların birləşdiyi bir zonanın və burun balıqqulaqları adlanan çıxıntıların damarlarla zəngin olması tez-tez qanaxmaların baş verməsinə yol açır. Beləliklə qanaxmanın mənbəyi, əsasən bu iki nöqtə sayılır. Bəs burun qanaxmasının yerli və ümumi səbəbləri hansılardır?

Yerli səbəblərdən buruna dəyən zərbələri, burun çəpəri əyriliyini, burun selikli qişasının  qurumasını, burundaxili iltihabi prosesləri (allergik və qeyri-allergik rinitlər), sinusitləri, şişləri, uşaqların buruna barmaq və yaxud yad cisimlər salmasını göstərmək olar. Eyni zamanda davamlı asqırmaya, öskürməyə və burun silməyə şərait yaradan yuxarı tənəffüs yolları infeksiyaları da qanaxmaya səbəb ola bilir.

Ümumi səbəblərə isə yüksək qan təzyiqi, qan xəstəlikləri (laxtalanmanın pozulması, leykemiya  və s.), bağırsaqda qurdların olması, bəzi dərman maddələrinin qəbulu və s. aid edilir.

Diaqnostikası

Burun qanaxmaları zamanı ən birinci şərt səbəbindən asılı olmayaraq qanaxmanın saxlanmasıdır. Qanaxma dayandıqdan sonra isə xəstənin müayinəsi aparılmalıdır. Qanaxmanını səbəbi ilə bağlı şübhələri aradan qaldırmaq üçün ilk olaraq qan təzyiqi ölçülməli, qanın laxtalanması, trombositlərin miqdarı və protrombin indeksi adlanan göstəricilər yoxlanmalıdır. Əlavə olaraq, yuxarıda sadalanan digər səbəbləri istisna etmək üçün isə üzün rentgenoqrafiya və ya kompyuter tomoqrafiyası edilməlidir. Qan xəstəlikləri, allergiya və bağırsaq qurdlarının olub-olmamasını yoxlamaq üçün müxtəlif sınaqlar aparıla bilər.

Müalicəsi

Bəzən burun qanaxmaları öz-özünə, yaxud da xəstənin burun ucunu tutması və soyuq kompress tətbiq etməsi  ilə dayana bilər. Ancaq qanaxma bu cür dayanmazsa və ya təkrar olunarsa həkim müayinəsi mütləqdir. Qanaxmanı saxlamaq üçün çox vaxt tamponlardan və burundaxili damarların kimyəvi maddələrin və elektrik cərəyanının köməyilə yandırılması üsulundan istifadə edilir. Hazırda müxtəlif tampon növləri və müxtəlif tamponada üsulları köməyə gəlir və adətən, tampon burunda 48 saat saxlanıldıqdan sonra qanaxma dayanır. Bundan əlavə, əgər qanaxma burun sınıqları, burun çəpərinin əyriliyi və yaxud burunda olan yad cisimlər nəticəsində baş verərsə, müvafiq əməliyyatlar aparılaraq qanaxmanın səbəbləri aradan qaldırılır. Ağır hallarda isə cərrahi əməliyyat apararaq nisbətən iri damarların bağlanması tətbiq olunur.
 


5950 dəfə oxunub