Sarılıq

Səbəblər

Sarılığın tez-tez rast gəlinən səbəblərindən aşağıdakıları qeyd etmək olar:
  - Kəskin Hepatit. Kəskin hepatit qaraciyərin aktiv iltihabi prosesi olub müxtəlif səbəblərdən qaynaqlana bilər: Hepatit A, Hepatit B, Hepatit C, Hepatit D, Hepatit E, Alkoqol mənşəli Hepatit, Avtoimmun Hepatit, bəzi dərman maddələri və toksinlər.   
  - Öd yollarının obstrulsiyası.Qaraciyər daxili və xarici öd yolları müxtəlif səbəblərdən tutula bilər: öd daşı; öd yollarının, mədəaltı vəzi və 12 barmaq bağırsağın xərçəngi; çapıqlaşma; anadan gəlmə biliar atreziya, başqa sözlə, öd yollarının  qeyri-normal inkişafı. Öd yollarının tutulması ödün bağırsağa axınını pozur və qaraciyər daxilində toplanıb qalmasına səbəb olur.  Öd yollarında toplanan öd yüksək təzyiq yaradır və onun tərkibindəki bilirubin qana keçir və sarılıq yaradır. Bəzən el arasında buna “ödün daşması” da deyirlər.  
  - Hemolitik anemiya. Bu zaman qanda bilirubinin artması qaraciyərlə deyil və qanda hemoqlobinin parçalanmasının artması ilə bağlı olur. Bir çox xəstəliklərdə hemoqlobinin artmış parçalanması baş verir. Bunlara aşağıdakıları nümunə gətirmək olar: anormal homoqlobin variantı; malariya; avtoimmun pozğunluq;yenidoğulmuşların hemolitik xəstəliyi və s.
  - Yenidoğulmuşlarda fizioloji sarılıq. Uşaqlarda qaraciyər tam inkişaf emədiyi üçün bilirubini lazımi səviyyədə mübadilə edə bilmir. Odur ki, yenidoğulmuşlarda qisamüddətli sarılıq qeyd edilə bilir. Bu adətən doğuşdan sonrakı ilk 48-72 saat ərzində qeyd olunur və tezliklədə aradan qalxır.
  - Gilbert sindromu
  - Qaraciyər sirroz

 Sarılığın az-az rast gəlinən səbəblərinə aşağıdakıları göstərmək olar:

  - Psevdosarılıq və ya yalançı sarılıq.  Bəzən çoxlu miqdarda kök, yemiş yemək yalançı sarılığa səbəb olur. Buna səbəb onların tərkibində dəriyə sarı rəng verə bilən beta-karoten (beta-carotene) olmasıdır. Bu hal müvəqqətidir və tezliklə öz-özünə aradan qalxır.        
  - Kriqler-Naccar (Crigler-Najjar) sindromu
  - Dubin-Conson (Dubin-Johnson) sindromu

Müayinələr
Müayinələrin məqsədi sarılığın səbəbini təyin etməkdir. Yuxarıda qeyd edildiyi kimi sarılığın fərqli səbəbləri mövcuddur. Təklif edilən müayinələrin nəticələri sizdə qeyd edilən yanaşı əlamətlərlə birlikdə tam diaqnozun qoyulmasına kömək edəcəkdir. Həkiminz sizə aşağıdakı müayinələri təklif edə bilər:
  - Qanın ümumi analizı
  - Qanın biokimyəvi analizı (ALT, AST,QF, Bilirubin və fraksiyaları, Albumin, QQT)
  - Qanın seroloji müayinəsi (Hepatit A,B və C-nin inkarı üçün)
  - Qarın boşluğunun Ultrasəs müayinəsi
  - Kompüter Tomoqrafiyası
  - Endoskopik Retroqrad Xolangiografiya
  - Qaraciyər Biopsiyası

Müalicə

Müalicə sarılığın səbəbindən və yanaşı gedən xəstəliklərdən aslı olaraq fərqli olacaqdır. Sarılığa səbəb olan faktor aradan qaldırılırsa sarılıq da tezliklə itir. Məsələn, sarılığa səbəb ümumi öd axarında daş olarsa bu ya endoskopik üsulla, ya da cərrahi yollara aradan qaldırılır və tezliklə xəstənin dərisi də normal rəng alır.  Eləcə də kəskin hepatit hallarının törədicisindən aslı olaraq təyin edilən müalicəsi tez bir zamanda sarılığın itməsinə səbəb olacaq.
 


2483 dəfə oxunub