Qanlı nəcis

Nəcəsdə qan müxtəlif mənbələr tərəfindən fərqli teminlərlə təsvir edilir. Bunlara Melena, Qanlı Nəcis, Qatranabənzər Nəcis, Nəcidə Gizli Qan terminləri aid edilə bilər. Bu terminlər bəzi hallarda sinonim işlədilsə də digər hallarda fərqli xüsusiyyətləri əks etdirir. Bunlara aşağıda aydılıq gətirməyə çalışırıq:
  - Melena bəzi mənbələrdə “Qatranabənzər Nəcis”lə, digər mənbələrdə isə “Qanlı Nəcis” terminləri ilə sinonim kimi işlənilir.
  - “Qanlı Nəcis” ifadəsi daha çox zaman açıq rəngli qan qarışmış nəcisi təsvir etmək üçün istifadə edilir. Bununla nəcislə qarışmış qanın təzə olması və onun yoğun bağırsağın distal hissəsindən gələ bilməsi çatdırılır. Adətən, anus, düz bağırsaq və S-ə bənzər bağırsaq qanaxmaları zamanı nəcisə qarışmış qan al qırmızı olur. Qalxan və köndələn çənbər bağırsaqdan olan qanaxma zamanı nəcislə qarışmış qan tund qırmızı rəngdə olur.
  - “Qatranabənzər Nəcis” ifadəsi tünd rəngli nəcisi təsvir edir. Qatranabənzər nəcis mədə-bağırsağın yuxarı şöbəsində olan qanaxma nəticəsində formalaşır. Qanın bağırsaq daxilində hərəkəti zamanı kimyəvi reaksiya nəticəsində rəngini dəyişir və tündləşir. Adətən nəcisin rənginin tündləşməsi üçün axan qanın həcmi 50 ml-dən çox olmalı və ən azı 8 saat ərzində bağırsaq daxilində qalmalıdlr.
  - “Nəcidə Gizli Qan” ifadəsi  nəcisdə gözlə görünə bilməyən qan hüceyrələrinin olmasını təsvir edir. Bir çox hallarda qanaxma o qədər az olur ki, nəcisin rəngi dəyişmir. Nəcisdə gizli qanın təyin edilməsinin böyük diaqnostik əhəmiyyəti olduğu üçün (xüsusilə də yoğun bağırsaq xərçənginin ilkin) laborratoriyada onun kimyəvi və ya immunoloji üsullarla üzə çıxarılması mümkün olur.

Səbəblər

Qatranabənzər nəcis həzm traktının nazik bağırsaqdan yuxarı (bəzən nazik bağırsağın başlanğıc hissəsindən) bölmələrindən qaynaqlanan qanaxmalar nəticəsində formalaşa bilər. Aşağıdakı hallarda nazik bağırsaqdan yuxarı bölmələrindən qanaxma qeyd oluna bilər:
  - Reflyüks ezofagit
  - Diafraqmanın qida borusu dəliyinin yirtığı
  - Qida borusunun varikoz genişlənmiş venaları
  - Qida borusu və ya mədə xərçəngi
  - Mallory-Weiss Sindromu
  - Travma (məsələn, yad cisim vasitəsilə)
  - Qastritlər
  - Mədə xorası
  - 12 barmaq bağırsaq xorası
  - Damar patologiyaları 
  - Hemorragik Diatezlər
  - Antikoaqulyantlarla müalicə
  - Hipertoniya xəstəliyi
  - Uremiya
  - Müştərək aorta anevrizması və qida borusu arroziyası

Qanlı nəcis distal nazik  bağırsaqdan və yoğun bağırsaqdan qaynaqlanır. Həzm traktının bu bölməsində olan qanaxmanın səbəbləri aşağıdakılar ola bilər:
  - Nazik bağırsağın Limfosarkoması, Karsinoması, Leyomioması, Neyroması kimi şişləri
  - Mikkel Divertikulu
  - Müsariqə arteriya və venalarının trombozu
  - Anevrizma, Kavernoma, Hemangioma kimi damar patologiyaları
  - Kron xəstəliyi
  - Yoğun bağırsağın xərçəngi
  - Yoğun bağırsaq Polipi
  - Kolit
  - Yoğun bağırsağın Divertikulyozu
  - Hemorroy
  - Proktitlər
  - Anal çat

Nəcisdə gizli qan ağız boşluğundan tutmuş yoğun bağırsağa qədər həzm traktının istənilən bir nöqtəsində  mövcud ola bilən gizli qanaxmadan qaynaqlanır. Yuxarıda sadalanan hər bir xəstəlik halında az miqdarda qanaxma ola bilər ki, bunu xüsusi laboratoriya test vasitəsilə yoxlamaq mümkündür.

Müayinə planı

Xəstənin əsas şikayətlərindən və həkim şübhələndiyi qanaxma nöqtəsindəın aslı olaraq aşağıdakı müayinələr vacib ola bilər:
  - Qastroskopiya
  - Kolonoskopiya
  - Qarının Ultrasəs müayinəsi
  - Rentgen
  - Nəcisrə gizli qan testi
  - Qanın ümumi analizı
  - Qanın laxtalanma qabiliyyəti (Protrombin müddəti daxil olmaqla)
  - Qanın biokimyəvi analizı (Ümumi zülal daxil olmaqla)

Yuxarıda göstərilən müayinələr tam diaqnozun goyulması üçün yetersiz olarsa əlavə olaraq aşağıdakı müayinələr edilə bilər:
  - Kompürer Tomoqrafiyası
  - Maqnit Rezonans Tomoqrafiya


3264 dəfə oxunub