Qəbzlik

Səbəblər

Bir çox hallarda qəbzliyin səbəbini tam müəyyən etmək olmur. Aşağıda qəbzliyin bilinən səbəblərini sadalayırıq:
  - Qidada liflərin azlığı.   
  - Gündəlik maye qəbulunun az olması.  
  - Arıqlama məqsədilə seçilən bəzi “pəhriz”lər.  Adətən bu növ pəhrizlərdə liflər azlıq təşkil edir.
  - Psixi gərginlik.
  - Depressiya.
  - Bəzi dərmanların əks təsirləri. Bunlara ağrıkəsicilər (xüsusilə də daxilində kodein olanlar), bəzi antiasidlər, antidepressantlar, dəmir həbləri, morfin və s. aid edilə bilər.
  - Qalxanabənzər vəzi fəaliyyətinin azalması.
  - Qıcıqlanan bağırsaq sindromu.
  - Divertikulyoz.
  - Bağırsaq keçməzliyi.
  - Yoğun bağırsaq xərçəngi
  - Babasil.
  - Onurğa beyinin zədələnməsi.
  - Parkison xəstəliyi və yayılmış skleroz.
  - Hamiləlik. Hər 5 hamilə qadından birində qəbzlik qeyd edilir. Bunun əsas səbəbi hamiləlik zamanı hormonal statusun bağırsaq fəaliyyətini ləngitməsi hesab edilir.  

Bir çox insanlarda yuxarıda sadalanan problemlərin heç birinin olmamasına rəğmən qəbzlik mövcud olur. Bu növ qəbzlik ideopatik, yəni səbəbi bilinməyən qəbzlik adlanır. Bu insanlarda bağırsaq fəaliyyəti normadan aşağı olur. Bəzi mütəxəssislər bu növ qəbzliyi “funksional” və ya “birincili” qəbzlik kimi təsnif edirlər.  

Profilaktika

İdeopatik hesab edilən qəbzliklərdən bağqa digər növ qəbzliklərin qarşısını almaq olar. Bunun üçün aşağıdakılar tövsiyyə olunur:
  - Liflə zəngin qidalanma. Gün ərzındə qida tərkibində 30 qr lifin olması tövsiyyə olunur.  Liflər birki mənşəli qidalarda olur və həzm edilmir. Liflər bağırsaqlarda qalır və bağırsaq fəaliyyətini yaxşılaşdırır. Meyvə və tərəvəzlər liflə zəngin qidalar arasında ön siradadırlar.  Tövsiyyə olunur ki, gün ərzində 5 pay meyvə və ya tərəvəz qəbul edəsiniz. Bir pay meyvə dedikdə alma, şaftalı, armud, banan və ya apelsin böyülükdə bir meyvə və ya iki gavalı böyüklükdə meyvə nəzərdə tutulur. Bir paya bu və ya digər meyvənin 1 fincan təzə hazırlanmış şirəsi də aid edilə bilər. Tərəvəzin bir payı dedikdə bir nimçə göy-göyərti nəzərdə tutulur. Ələnməmiş um məmulatları liflərlə zəngin qida hesab edilir. Makaron və vermişel yeməkləri  bu nöqteyi-nəzərdən dəyərlidirlər. Üyüdülməmiş dənlərdən hazırlanmış (məsələn, qarabaşaq yarması, düyü, qarğıdalı və s.) yeməklər də liflərlə zəngin olur.  
  - Çoxlu miqdarda maye qəbul edin. Çalışın gün ərzində ən azı iki litir maye qəbul edin. Qəbul etdiyiniz mayenin əsas hissəsi sidiklə xaric olacaq, amma bir hissəsi nəcisin yumşalmasında iştirak edəcək. Spitrli içkilə əksinə bağırsaqlarda mayeni azaldır. Odur ki, ya onlardan qaçın və ya spirtli içki qəbulu zamanı daha çox su için.
  - Sorbitol. Sorbitol təbii rast gəlinən şəkərdir. O bağırsaqlarda yaxşı həzm olunmur və bağırsaqlara  maye cəlb edir. Sorbitol təbii olaraq osmotik effekt yaradır. Bəzi meyvələrin tərkibində yüksək sorbitol olur: alma, ərik, qarağat, üzüm,  şaftalı, gavalı, moruq, çiyələk. Qurudulmuş meyvələrdə sorbitolun miqdarı təzə meyvələrdən 5-10 dəfə yüksəkdir.  
  - Bədəni aktiv saxlamağa çalışın. Axşamlar təmiz havada 1-2 saatlıq gəzinti çox effektlidir.
  - Tualet istəyini təxirə salmayın. Bəzi insanlar ya işinin xarakteri, ya da öz istəyi ilə “defekasiya çağırışını” təxirə salır və gecikdirir. Bu nəcisin daha da bərkiməsinə və sonralar hərəkətinin zəifləməsinə gətirib çıxarır. Digər tərəfdən tualetdə olan zaman da tələsmək məqsədəuyğun deyil. Defekasiya aktı sakit və tələsiklik olmayan vəziyyətdə həyata keçirilməlidir. Daha yaxşı olar ki, səhərlər və ya yeməkdən 30 dəqiqə sonra defekasiya aktı həyata keçirilsin. Çünki bu zaman bağırsaq hərəkətləri aktiv olur və defekasiya aktı asanlıqla baş verir.

Həkimə nə zaman müraciət etməli?

Davam edən qəbzlik hallarında həkimə müraciət etməniz və lazimi tövsiyyələr almanız vacibdir. Bir çox insanlar öz təşəbbüsləri ilə işlədicilər istifadə edirlər. Bu bir çox hallarda zərərli ola bilər. Yuxarıda sadalandığı kimi qəbzliyin əsas səbəblərindən biri bağırsaq hərəkətliliyinə təsir edə bilən orqanların xəstəlikləridir. Bu xəstəliklərin zamanında müalicə edilməməsi daha ağır fəsadlar törədə bilər. Odur ki, istənilən qəbzlik hallarında həkimə müraciət etməniz arzu ediləndir.

Həkiminiz qəbzliyin əsl səbəbini üzə çıxaracaq və sizə buna uyğun müalicə taktikası təyin edəcəkdir.  Müayinə planına aşağıdakılar daxil ola bilər:
  - Qanın ümumi və biokimyəvi analizləri
  - Yoğun bağırsağın rentgen müayinəsi
  - Kolonoskopiya
  - Qalxanabənzər vəzin funksional vəziyyətinin müayinəsi

Ədəbiyyat:

GI/Liver Secrets. Peter R.McNally. OCT-2005, 800 pages, ISBN-13: 978-1-56053-618-5

 
 


1988 dəfə oxunub