Uşaqlarda karlıq

Səbəbləri

İnsanın qulağı anatomik cəhətdən üç  şöbəyə (xarici, orta və daxili qulaq) bölünür və hər bir şöbənin də özünəməxsus funksiyaları və xəstəlikləri vardır. Karlıq və ağıreşitmə hər üç şöbədə baş verən xəstəliklərdən qaynaqlana bilər.
Bir qayda olaraq, uşaqlarda eşitmənin pozulmasına aşağıdakı faktorlar səbəb olur:
  - Ailədə irsi karlıq və ağıreşitmə;
  - Qohum nigahlar;
  - Qadının hamilə vaxtı keçirdiyi infeksion xəstəliklər, xüsusən də məxmərək, epidemik parotit, su çiçəyi və kəmərləyici dəmrov;
  - Başın və boyunun, o cümlədən qulaq seyvanının anadangəlmə anatomik qüsurları, üst dodağın və sərt damağın bitişməməsi (dovşandodaqlıq və qurdağızlıq);
  - Uşağın çəkisinin çox az (1500 q-dan az) olması;
  - Yeni doğulmuşların sarılığı – ana ilə dölün rezus uyğunsuzluğu nəticəsində yaranan sarılıq zamanı uşağın qanında öd piqmenti olan bilirubinin səviyyəsi kifayət qədər yüksək olur;
  - Epidemik meningit (beyin qişalarının iltihabı);
  - Yeni doğulmuşda “Apqar” şkalası üzrə 0-3 balla qiymətləndirilmiş asfiksiyanın olması;
  - Müxtəlif xəstəliklərin müalicəsində antibiotiklərdən istifadə etmək.
Əgər uşaq bu sadalanan risk qruplarından birinə aiddirsə, eşitmə qüsuru aşkar olunubsa, yaxud nitq qabiliyyəti inkişafdan qalıbsa, loqopedik problemləri varsa, həmyaşıdlarına nisbətən az inkişaf edibsə, mütləq mütəxəssisə müraciət etmək və eşitməni tam müayinə etmək lazımdır. 

Simptomları

Uşaqlarda eşitmə problemlərini əsasən valideynləri qeyd edir. Subyektiv şikayətlər isə eşitmənin pisləşməsindən, qulaqlarda səs, küy olmasından, müvazinətin pozulması və başgicəllənmədən ibarət olur.

Diaqnostikası

Təəssüf ki, ölkəmizdə eşitmə problemi olan uşaqların böyük qismini yalnız 3 yaşdan sonra aşkar edirlər. Bəzən isə eşitmənin pozulması 6-7 yaşda, uşaq məktəbə gedəndə aşkara çıxır. Əksər hallarda belə uşaqlara kömək etmək mümkün olur. Amma onlar üçün eşitmələrini tamamilə itirməmək məqsədilə daimi nəzarətdə olmaq və eşitmə cihazlarından istifadə etmək vacib sayılır. Belə uşaqlarda bu qədər uzun zaman müddətində spesifik psixologiya formalaşır və onlar üçün eşitməsi normal olan uşaqların mühitinə uyğunlaşmaq çətin olur. Pis eşidən uşaqları yenidən öyrətmək çox çətindir, çünki onlarda kifayət qədər eşitmə təcrübəsi yoxdur. Yeni doğulmuşda eşitməni tədqiq etmək çox vacibdir ki, anadangəlmə qüsurlar vaxtında aşkar edilsin. Hətta valideynlər belə aşağıdakı hallara diqqət yetirsələr, uşaqda eşitmənin pozulmasından şübhələnə bilərlər: körpə oyaq olanda yüksək səslərə necə reaksiya verir və yaxud ümumiyyətlə reaksiya verirmi? Uşaqlar 3 aylığında müxtəlif səslər tələffüz edir, yaxud uğuldayırlar. Kar olan uşaqlar heç bir səs çıxarmır.

Bildiyimiz kimi, körpələrdə bu xəstəlikləri aşkar etmək üçün obyektiv müayinə metodlarının olması çox vacibdir. Məsələn, Qərbdə və ABŞ-da kiçik yaşlı uşaqlarda OAE (Otoakustik emissiya) və BERA müayinəsi, nisbətən böyük uşaqlarda isə əlavə olaraq uşaq audiometriyası  üsulları zəruri hesab olunur və aparılır. Bu metodlar həm ilkin diaqnostika, həm də xəstəliyin proqressivləşməsinin vaxtında təyin edilməsi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir.

OAE və BERA obyektiv müayinə metodları olmaqla, səs qıcığına qarşı daxili qulağın (OAE) və beyin kötüyünün (BERA) cavab reaksiyalarını qeyd edərək yeni doğulmuş və kiçik yaşlı uşaqlarda eşitmənin patologiyasını aşkar edir. Bu müayinələri uşaq anadan olduqdan dərhal sonra da aparmaq mümkündür. BERA belə obyektiv müayinələrin ən həssasıdır və eşitmə azlığını və karlığı aşkar edən əvəzsiz metoddur. Bu müayinə Azərbaycanda da həyata keçirilir.

Müalicəsi

Burada vacib olan eşitmə azlığının səbəbinin orta, yaxud daxili qulaqda olmasını müəyyən etməkdir. Əgər orta qulaqda problem varsa, eşitmə cihazından daimi istifadə etməklə və orta qulaqda aparılan plastika əməliyyatları ilə 80-90%-ə qədər müsbət nəticə almaq mümkündür. Ancaq daxili qulaq problemlərində yuxarıda sadalanan müayinələri aparmaqla eşitmə dərəcəsini təyin etmək və müalicəni buna əsasən istiqamətləndirmək lazımdır. Son onilliklərdə ağır dərəcəli eşitmə problemi olanlarda və kar insanlarda Koxlear implantasiya əməliyyatı uğurla tətbiq olunur. Bu əməliyyat həm uşaqlarda, həm də böyüklərdə aparılır. Əməliyyat vasitəsilə daxili qulağa xüsusi elektrodlar yeritməklə eşitməni təmin etmək mümkündür. 2-3 yaşına qədər implantasiya olunmuş uşaqlar çox zaman normal məktəbə gedirlər və heç bir nitq qüsurları olmur.

Mümkün qədər erkən dövrdə (3-4 aylığından) eşitmə aparatı quraşdırılmalı və bərpa proqramı hazırlanmalıdır. Eşitmə hissini inkişaf etdirmək üçün mütləq xüsusi məşğələlər keçirilməli, eyni zamanda şifahi nitq və müəyyən yaşdan sonra oxumaq vərdişləri də formalaşdırılmalıdır. Səslərin düzgün tələffüzü, səsin formalaşması və xüsusiyyətlərinin korreksiyası üçün “Görünən danışıq” adlı kompyuter kompleksi hazırlanmışdır. Kompleks 2 yaşından başlayaraq,  ağır eşidən və kar uşaqlar, məktəblilər və böyüklər üçün nəzərdə tutulmuşdur və şifahi nitqi zəif eşidənlər üçün, loqopedik təcrübədə və xarici dillərin öyrənilməsində istifadə olunur. Bu, səsin korrektə edilməsi üçün və fonoloji çalışmalardan ibarətdir.


1893 dəfə oxunub