Karsinoid sindrom

Karsinoid sindrom az-az rast gəlinən xərçəng növü olan karsinoid şişlərin (sarımtıl və dairəvi formalı) bəzi maddələri (serotonin, morilin, prostoqlandinlər və s.) qana ifraz etməsi nəticəsində formalaşır. Karsinoid şişlər ən çox mədə-bağırsaq traktında, ağciyərlərdə, bəzən isə yumurtalıqlarda rast gəlinir.  Mədə-bağırsaq traktında karsinoid şişlər daha çox soxulcanabənzər (appendikulyar) çıxıntı, nazik  bağırsaqlar və düz bağırsaqda rast gəlinir.

Əlamətləri

Karsinoid şışlər yavaş-yavaş inkişaf etdikləri üçün ilk dövrlər əlamətsiz olurlar və bu üzdən aşkarlana zaman böyük həcmdə olurlar.  Bəzən elə olur ki, başqa səbəbdən aparılan müayinə zamanı təsədüfən aşkarlanır. Karsinoid sindrom zamanı aşağıdakı əlamətlər yara bilir:

  - Dərinin qirmızı  rəng alması.  Dərinin qirmızı rəng alması (fərqli intensivlikdə) epizodik olur və 30 saniyədən 30 dəqiqəqə qədər çəkə bilir. Dərinin qizarması adətən heç bir təhrikedici faktor olmadan əmələ gələ bilir. Amma bəzən yemək və ya alkoqol qəbulundan sonra meydana çıxır.

  - Üz dərisində zədələnmələr. Burun üzərində və ya yuxarı dodaqlarda venaların hörümçəyəbənzər formada görünməsi müşahidə olunur.  

  - İshal.  Formalaşmamış və su şəklində nəcisin xaric olması və yanaşı olaraq qarında ağrı tutmalarının olması karsinoid sindromun ilk siqnallarından ola bilər.

  - Nəfəsalmanın çətinləşməsi. Bəzi hallarda üz dərisində qeyd olunan zədələnmə ilə yanaşı astmaya bənzər şikayətlər meydana çıxa bilər.

Səbəbləri

Karsinoid şişlər neyroendokrin sistemin hüceyrələrindən inkişaf edir və seretonin sintezı ilə səciyyələnir. Karsinoid sindromun formalaşmasında məhz seretonin yüksək miqdarda sentezi böyük rol oynayır. Bəzən serotonin 50-100 dəfə çox ifraz edilir.  

Qeyd etmək lazımdır ki, karsinoid şişlərin heç də hamısı karsinoid sindrom törətmir. Bir çox hallarda qaraciyər karsinoid şişlərin ifraz etdiyi maddələri uğurla xaric edir və onların təsirini minimuma endirir. Karsinoid sindromu olan insanların çoxunda artıq qaraciyərdə metastaz qeyd edilir.

Ağciyərdə olan karsinoid şişlərin karsinoid sindrom törətməsi üçün şişin elə də böyük olması gərəkmir. Əgər bağırsaqlarda olan karsinoid şişlərdən sintez olunan maddələr qana daxil olaraq qaraciyərdən keçməlidirlərsə, ağciyərdə bu baş vermir. Odur ki, hətta kiçik şişlər belə karsinoid sindrom törədə bilər.

Ağırlaşmaları

Karsinoid sindrom aşağıdakı xəstəliklərin yaranması riskini artırır:

  - Karsinoid ürək xəstəliyi. Karsinoid sindrom ürək qapaqlarının divarının nazikləşməsinə və onların funksiyasının pozulmasına gətirib çıxara bilər.

  - Bağırsaq keçməzliyi. Karsinoid xərçəngin limfa düyünlərinə yayılması və ya şişin böyük həcmdə olması bağırsaq keçiriciliyini poza bilər.

  - Karsinoid krizləri. Bəzi hallarda karsinoid sindromun kəskin tutması qeyd olunur. Bu zaman təzyiq aşağı düşür, dəridə qızartı yatranır və tənəffüs çətinləşir. Bəzi hallarda bu kriz ölümlə nəticələnə bilər. Aparılan kimyaterapiya, narkozun verilməsi kimi hallar karsinoid krizi təhrik edə bilər.

Həkimə nə zaman müraciət etməli

Əgər sizdə yuxarıda sadalanan əlamətlərdən biri, xüsusilə də bir neçəsi birgə qeyd olunursa mütləq həkimə müraciət edin.

Müayinələr

Həkim sizə aşağıdakı müayinələri təklif edə bilər:

  - Qanda Xromqranın A-nın yüksəlməsi karsinoid sindrom üçün xarakterik hesab edilir

  - Qarın boşluğunun Ultrasonoqrafiyası

  - Kompüter Tomoqrafiyası

  - Ağırlaşmalar və yanaşı gedən xəstəliklər zamanı əlavə müayinələr aparıla bilər

Müalicəsi

Karsinoid sindromun müalicəsi onun əsında dayanan şişin müalicəsi deməkdir. Ən effektiv müalicə üsulu cərrahi yolla şişin çıxarılmasıdır. Əgər cərrahi əməliyyat mümkün deyilsə bu zaman xərçəng əleyhinə bəzi məlum konservativ tədbirlər həyata keçirilməlidir. Bunlara Sandostatin təyini, immun sistemin gücləndirilməsi, şişi qidalandıran damarın embolizasiyası, kimyaterapiya və s.-ni aid etmək olar.  

 


676 dəfə oxunub