Hepatit B

Siz intravenoz inyeksiyalar zamanı iynəni paylaşırsınızsa, digərinin şəxsi əşyalarından istifadə edirsinizsə, qorunmadan cinsi əlaqəyə  girirsinizsə, Hepatit B-nin geniş yayıldığı yerlərə səyahət edirsinizsə və ya belə yerlərdə dünyaya gəlmişsinizsə Hepatit B virusu ilə yoluxma təhlükəsi qarşısındasınız. Bundan əlavə HBV daşıyıcısı olan ana doğuş zamanı övladını yoluxdura bilər.

Hepatit B ilə xəstə olan yaşlı insanlarda əlamətlərin kəskinliyinə baxmayaraq onlar tam sağalırlar. Yenidoğulmuşlar və uşaqlar xəstələnərsə infeksiyanın xroniki xarakter alması ehtimalı artmış olur. Hepatit B-nin müalicəsinin olmamasına baxmayaraq vaksinasiya onun qarşısını ala bilər. Əgər siz HBV ilə yoluxmusunuzsa çalışın digərlərinə keçirməyin.


Qaraciyər haqqında qısa məlumat
 
Qaraciyər kifayət qədər həcmli orqan olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir . Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazim gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin paçalanması, bağırsaqlarda yağların paçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir. Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya- özünü bərpa- qabiliyyətinə malik olan orqandır. Hər bir zədə zamanı qaraciyər toxuması onu tezliklə aradan qaldıra və məhv olmuş hepatositləri tezliklə yeniləri ilə əvəzləyə bilir.

Əlamətlər

Hepatit B ilə yoluxmuş uşaqların əksəriyyətində heç bir əlamət və şikayətlər qeyd edilmir. Bəzi yaşlılarda da belə olur. Əlamətlər adətən yoluxmadan 12 həftə sonra əmələ gəlir və fərqli intensivikdə özünü biruzə verir. Bu əlamətlədən aşağıdakıları sadalamaq olar:
  - İştahın itməsi
  - Ürəkbulanma və qusma
  - Ümumi zəiflik və yorğunluq
  - Qarında, xüsusilə də sağ qabırğaaltı nayihədə ağrılar
  - Sidiyin qara rəngdə olması
  - Dəri və gözün selikli qişasında saralma
  - Oynaqlarda ağrı
Heç bir əlamət olmasa belə Hepatit B ilə yoluxmusunuzsa o sizin qaraciyərinizi zədələyə bilər və özünüz də bilmədən  sizdən digər insanlara keçə bilər. Odur ki, əgər azacıq da yoluxma təhlükəsini mümkün hesab edirsinizsə mütləq müayinə olunun. Bununla həm özünüzü, həm də yaxınlarınızı qorumuş olarsınız.

Gedişi

Qaraciyər heyrətamiz regenerasiya qabiliyyətinə malikdir və istənilən zədə  zamanı özünü tez bir zamanda bərpa edir. Bərpa dövründə qaraciyərin sağlam hüceyrələri sıradan çıxmışhüceyrələrin də yükünü öz üzərilərinə götürürlər.  Qəribədir ki, Hepatit virusları ilə zədələnmə zamanı regenerasiya əvəzinə qaraciyərdə birləşdirici toxuma əmələ gəlir və sirroz inkişaf edir. Bu prosesin səbəbləri elmə hələ də tam məlum deyil.
 Hepatit B infeksiyası kəskin və xroniki ola bilər. Kəskin Hepatit B altı aydan az, xroniki isə altı aydan çox davam edir. Kəskin infeksiya zamanı bədənin immun sistemi bir çox hallarda virusu bədəndən xaric edir və xəstə bir neçə ay müddətində tam sağala bilir. Bəzən, bədənin immun sistem virusu tam məhv edə bilmir və virus həyat boyu orqanizmdə qalmış olur. Belə hallarda sirroz və qaraciyər xərçəngi kimi xəstəliklər inkişaf edə bilir.

Hepatit B ilə yoluxan yaşlı insanların çoxunda infeksiya kəskin başlayır və əsasən tam sağalma ilə yekunlaşır. Amma yenidoğulmuş və uşaqlarda vəziyyət fərqlidir. Belə ki, doğuş zamanı və ya 1-5 yaş arasında HBV ilə yoluxmuş uşaqlarda xəstəlik xroniki xarakter alır. Xroniki infeksiya illər ərzində aşkarlanmadan keçə bilir. Belə hallarda yalnız ciddi qaraciyər xəstəliyi yaranan zaman aparılan müayinələr HBV müəyyən edir.
Hepatit B elmə məlum olan 6 virus hepatitindən biridir. Digər hepatit növləri bunlardır: Hepatit A, C, D, E və G. Bunlar bir-birindən törətdiyi xəstəliyin kəskinliyi və  yayılma yolları ilə fərqlənirlər.

Yoluxma yolları

  - Cinsi yollla. Qoruyucu vasitələrdən isitadə etməməklə cinci əlaqə zamanı yoluxmuş tərəf-müqabilin qanı, ağız suyu, sperması və ya vaginal sekresiyası bədənə daxil olarsa (vaginal, oral və anal boşluq vasitəsilə) HBV-nin ötürülmə ehtimalı yaranır. Virus düşdüyü boşluqda mövcud olan kiçik zədələnmələr və sıyrıntılardan qan dövranına daxil olur.
  - İynənin müştərək istifadəsi. Yoluxmuş qan ilə çirklənmiş iynə və şprislərin təkrari istifadəsi zamanı HBV asanlıqla ötürülə bilir. Həm iynənin müştərək istifadəsi, həm də riskli cinsi əlaqə qrupuna aidolma HBV ilə yoluxma ehtimalını daha da artırır.
  - Təsadüfi inynənin batması yolu ilə. Xəstəxanada çalışan insanlar qanla  tez-tez təmasda olduqları üçün HBV ilə yoluxma halları mümkündür.Belə təhlükə qarşısında olan insanların HBV-yə qarşı vaksinasiyası daha məqsədəuyğundur.
  - Anadan uşağa yoluxma. HBV-yə həmiləlik zamanı yoluxmuş ana virusu övladına ötürə bilər. Əgər anada Hepatit B virusu varsa doğuş zamanı uşaq peyvənd olunarsa onun yoluxması riski azalır.
Risk Faktorları
Hər bir insannın HBV virusu ilə yoluxma ehtimalı var. Amma bir çoxlarında bu ehtimal daha yüksəkdir. Bunlara aşağıdakıları aid etmək olar:
  - Qorunma vasitələrindən istifadə etməməklə təsadüfü cinsi əlaqədə olma
  - Qorunma vasitələrindən istifadə etməməklə yoluxmuş insanla cinci əlaqədə olma
  - Qonoreya və ya xlamidiya kimi cinsi yolla ötürülən xəstəliyə düçar olma
  - Venadaxili inyeksiyalar zamanı iynənin müştərək istifadəsi
  - Xroniki HBV infeksiyası olan insanın şəxsi əşyalarından istifadə
  - İnsan qanı ilə təmasda olmanı tələb edən iş fəaliyyəti zamanı 
  - 1972-ci ilən öncə qan köçürülmüş insanlar
  - Müayinə olunmadan həyati göstərişlə qan köçürülmüş insanlar
  - Böyrək çatışmazlığına görə hemodializ almış insanlar
  - HBV infeksiyasının geniş yayıldığı regionlara səyahət edən insanlar
  - HBV ilə yoluxmuş anadan doğulan yenidoğulmuş
  - Valideyinləri HBV infeksiyasının geniş yayıldığı regionlara səyahət edən körpələr
Həkimə nə zaman müraciət etməli
  - Yuxarıda sadalanan risk faktorlarından biri belə mövcuddursa HBV-yə görə yoxlanmaq üçün həkimə və ya etibar etdiyiniz laboratoriyaya müraciət edin
  - Əgər keçmişdə sizə qan köçürülmüşdürsə mütləq qanınızı HCV-yə görə yoxladın
  - Əgər sizdə yuxarıda qeyd olunan əlamətlərdən biri və ya bir neçəsi varsa qastroenteroloq və ya hepatoloqa müraciət edin

Müayinə

Həkim sizə aşağıdakı müayinələri təklif edə bilər:
  - Hepatit B səth antigeni  (HBsAg). Qanda təyin edilir və virusun xarici səthində yerləşir. Əgər test bu antigenə görə pozitivdirsə siz HBV virusunu asanlıqla digərlərinə keçirə bilərsiniz. Testin mənfi olması o deməkdi ki, çox yəqin ki, siz HBV-yə yoluxmamısınız.
  - Hepatit B səth antigeninə qarşı anticism (anti-HBs). Bu testin pozitiv olması o deməkdir ki, siz HBV-yə qarşı anticismlərə maliksiniz. Ola bilsin ki, artıq keçirmiş olduğunuz və sağaldığınız yoluxma nəticəsində bu anticismlər yaranıb və hal hazırda sizdə HBV virusları yoxdur. Peyvənd alan insanlarda da anti-HBs anticismləri müəyyən olunur. Hər iki halda bu o deməkdir ki, siz digərlərini yoluxdura, özünüz isə yoluxa bilməzsiniz. Çünki sizdə ya peyvənd ya da bədəninizin immun sistemi vasitəsilə HBV-yə qarşı etibarlı immunitet yaranıb.
  - Hepatit B özək antigeninə qarşı anticism (anti-HBc). Bu test xroniki infeksiya daşıyıcılarını təyin etsə də bəzən ikili məna verir. Əgər test pozitivdirsə sizdə xroniki infeksiyanın olması mümkündür. Bununla yanaşı anti-HBc anticisminin olması sizin kəskin infeksiyadan sağalmağınızın göstəricisi ola biər. Bu testin nəticəsinin interpretasiyası digər iki testin nəticəsinə əsasən edilir. Əgər nəticələr dəqiq deyilsə siz hər üç testi yenidən etməli ola bilərsiniz. 
  - E-antigen testi. Bu yuxarida göstərilən testlərə əlavə olaraq edilir və heç də məcburi deyil. Bu test həkim üçün əlavə informasiya verir. Onun müsbət olması sizdə HBV-nin yüksək miqdarda olmasını göstərir və digərlərini yoluxdurma ehtimalı yüksəkdir. Əgər test neqativdirsə bu o deməkdir ki, virusun qanda miqdarı  aşağıdır və digərlərini yoluxdurma ehtimalı aşağıdır.
  - Qaraciyər enzimlərinin yoxlanması. Qaraciyər enzımlərinin (ALT, AST) yüksək olması qaraciyərin zədələnməsini göstərir.
  - Alfa-fetoprotein (AFP) testi. AFP-nin yüksək olması HBV-nin ağırlaşması kimi qaraciyər xərçənginin əmələ gəlməsini göstərə bilən testdir.
  - Hepatit B DNT testi. Bu test vasitəsiə qanda HBV DNT-sinin miqdarını təyin etməyə imkan verir. Bununla həkim müalicənin nə dərəcədə effektiv olmasına nəzarət edir.
  - Qaraciyərin Ultrasəs Müayinəsi. Bununla HBV-nin qaraciyər sirrozu və xərçəngi kimi ağırlaşmalarının olub olmaması müəyyən edilir.
  - Qaraciyərin Kompüter Tomoqrafiyası. Bununla HBV-nin qaraciyər sirrozu və xərçəngi kimi ağırlaşmalarının olub olmaması müəyyən edilir.
  - Qaraciyər Biopsiyası. Bu prosedura vasitəsilə qaraciyərin kiçik bir tikəsi xaric edilir və mikroskopik müayinəsi aparılır. Biopsiya qaraciyərin zədələnmə dərəcəsini müəyyən etməyə imkan verir. Bununla yanaşı, biopsiyanın nəticələrinə görə qaraciyərin digər mənşəli (məsələn, alkoqol, dərman və ya autoimmun mənşəli) hepatitlərini inkar etmək olur.
Ağırlaşmalar
  - Xroniki HBV infeksiyasının ən ciddi ağırlaşması qaraciyərin sirrozu və xərçəngidir. Xüsusilə də uşaq yaşlarında HBV ilə yoluxma bu ağırlaşmaların yaranması ehtimalını daha da artırır.
  - HBV infeksiyasının digər ciddi ağırlaşması qaraciyər çatışmazlığının inkişaf etməsidir.  Bu zaman qaraciyər öz funksiyalarını tam həyata keçirə bilmir və yeganə alternativ qaraciyər köçürülməsidir.
  - Xroniki HBV infeksiyasının olması Hepatit D virusu ilə yoluxmanı da mümkün edir. Hepatit D virusunun hüceyrələri yoluxdurması üçün HBV virusunun xarici örtüyü tələb olunur. Odur ki, Hepatit D virusu HBV olmadan insan orqanizminə yoluxa bilmir.  Bu iki virusun birgə olması sirroz və qaraciyər xərçənginin əmələ gəlmə ehtimalını daha da artırır.

Müalicə

Hepatit B virusuna yoluxma baş veribsə dərhal həkimə müraciət edin. İlkin 24 saat ərzində Hepatit B immunoqlobulinlərinin inyeksiyası sizi Hepatit B-nin inkişafından xilas edə bilər. Bununla yanaşı, ardıcıl olaraq üç dəfə Hepatit B peyvəndini almanız gərəkdir.
Yuxarıda qeyd etdiyimiz kimi yaşlılarda Hepatit B ilə kəskin xəstəlik dövründən sonra adətən tam sağalma baş verir. Kəskin dövrdə həkiminiz sizə əsasən simtomatik müalicə aparır. Bu zaman hər hansı spesifik müalicənin aparılmasına ehtiyac olmur.
Xroniki hal almış Hepatit B zamanı isə bir neçə müalicə seçimi var. Həkiminiz qaraciyərdə heç bir xəstəlik olmadığı hallarda müalicə deyil dövrü müayinələrin keçirilməsi və xəstəliyin nəzarətdə saxlanmasını təklif edə bilər. Bəzi həkimlər isə virus əleyhinə dərmanlarla müalicə təklif edə bilər.
Həkiminiz İnterferon, Telbivudine (Tyzeka), Entecavir (Baraclude), Lamivudine (Epivir-HBV),  Adefovir dipivoxil (Hepsera) dərmanlar yaza bilər.
Terapevtik müalicə effect verməzsə və qaraciyər çatışmazlığı dərinləşərsə qaraciyər köçürülməsi təklif edilə bilər.

Profilaktika

  - Peyvənd. Hepatit B-nin effektiv  müalicəsi olmasa da yoluxma ehtimalını kəskin azaldan peyvəndin aparılması məqsədəuyğundur. Peyvənd adətən ardıcıl üç inyeksiya (0, 1 və 6-cı ay) ilə aparılır. Bəzi yerlərdə iki və 4 dozalı peyvəndləmə sxemi də mövcuddur. 11-15 yaşlı yeniyetmələrə peyvənd iki doza ilə aparılır. Yenidoğulmuşlar adətən doğulduğu ilk ildə üç inyeksiya olmaqla (2,4 və 9 aylığında) peyvəndlənir. Tədqiqatlar göstərir ki, peyvənd yoluxma ehtimalını 90% azaldır və bir peyvəndləmə 23 il immunitetin qalmasını təmin edir.
  - Maariflənmə. Özünüzün və ətraflarınızdakıların yoluxucu xəstəliklər haqqında maariflənməsinə nail olun.
  - Cinsi partnyorunuzun HBV statusunu öyrənin.  Bununla siz HBV daxil olmqla digər cinsi yolla keçən infeksiyalardan qorunmuş olarsınız.
  - İnyeksiya zamanı steril iynədən istifadə edin.
  - Sizə nə zamansa qan köçürülübsə profilaktik müayinədən keçin. Bu gün tranfuziya edilən qanların hər biri yoxlanır. Buna baxmayaraq, təkrar müayinədən keçməniz məqsədəuyğundur.
  - Xarici səfərlərə çox gedirsinizsə profilaktik həkim müayinəsindən keçin. Xüsusilə də HBV-nin geniş yayıldığı ölkələrdə səfərdə olursunuzsa profilaktik müayinədən keçməniz məqsədəuyğundur.
  - Qan materialları ilə işləyən zaman ehtiyatlı olun.  Bu daha çox tibb işçilərinə aiddir.
  - Hamiləlik zamanı mütləq testdən keçin. Bununla siz özünüzü və dunyaya gətirəcəyiniz övladınızı HBV ilə yoluxma ehtimalından sığorta etmiş olarsınız.
Hepatit B infeksiyası olan insanlara aşağıdakıları tövsiyyə etmək olar:
  - Alkoqol qəbulundan çəkinin
  - Qaraciyəri zədələyə biləcək dərman maddələrinin istifadəsindən çəkinin. Bu barədə həkiminiz sizə məlumat verəcək.
  - Sağlam Pəhriz
  - Müntəzəm İdman

1. Chronic Viral Hepatitis. Diagnosis and Therapeutics Series: Clinical Gastroenterology. Shetty, Kirti; Wu, George Y. (Eds.) 2nd ed., 2009

 Yeniləyib: Dr.med.Yaqublu Vüqar


1716 dəfə oxunub