Mən 12-ci deyiləm!
 

Ümumiyyətlə,  gənclik insan həyatının ən sağlam dövrü hesab edilir. Bu dövrdə gənclərin həyatını təhlükə qarşısında qoyan əsas səbəblər bədbəxt hadisələr, bəzi anadangəlmə xroniki patologiyalar, qarşısı alına biləcək ehtiyatsız və riskli həyat tərzi və müxtəlif infeksiyalara yoluxma ehtimalıdır.  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  məlumatlarına əsasən yaşa dolan zaman rast gəlinən ölümlərin 70%-inin səbəbi yeniyetməlik və gənclik dövründə inkişaf etdirilən yanlış davranışlardır. 

Yeniyetməlik və gənclik dövründə rast gəlinən əsas patologiyalara vərəm, malyariya, İİV/QİÇS, İnsan Papilloma Virusu, dəri-zöhrəvi xəstəlikləri, bəzi anadangəlmə xroniki xəstəliklər, arzuedilməz hamiləliyin törətdiyi fəsadlar, müxtəlif infeksion xəstəliklər, alkoqol və narkotiklərin törətdiyi fəsadları nümunə göstərmək olar.  Bu siyahıya diqqət yetirdikdə görürük ki, yeniyetməlik və gənclik dövründə rast gəlinə biləcək xəstəliklərin əksəriyyətinin qarşısı düzgün profilaktik tədbirlərlə alına bilər.  Yeniyetməlik və gənclik dövrünün sağlam keçirilməsi öz növbəsində yaşa dolan zaman sağlamlığın əsas şərtlərindən biridir.

Bu xəstəliklər içərisində gənclər üçün təhlükəli olanlardan biri virus hepatitləridir. Virus hepatitləri insanlar arasında geniş yayılmış və bütün dünyada ictimaiyyət ona qarşı “həyacan təbili” çalmaqdadır.  Ümumdünya Hepatit Alyansı hər il “Mən 12-ci deyiləm” adlı kompaniya həyata keçirir. Dünyada hər 12 nəfərdən biri xroniki Hepatit B və C virusuna yoluxmuşdur və bir çox hallarda insanlar virus daşıyıcısı olsalar da bundan xəbərləri yoxdur. Ümumdünya Hepatit Alyansı özünün 2010-cu il tədbirlərinə artıq start vermişdir.

Təəssüf ki, bu günə qədər xroniki Hepatit C və B xəstəliklərinə qarşı qlobal səviyyədə kifayət qədər diqqət ayrılmamışdır. Bir çox mütəxəssislər xroniki virus hepatitlərini, hətta QİÇS-dən daha qorxulu hesab edirlər. Xroniki virus hepatitlərinin son zamanlar artması beynəlxalq səhiyyə qurumlarını onunla mübarizədə daha fəal olmağa vadar edir. Bu il Ümümdünya Səhiyyə Təşkilatı virus hepatitlərinə qarşı qlobal mübarizəni gücləndirmək üçün yeni qətnamə qəbul edəcəkdir. Bu bir daha qlobal təhlükənin nə qədər ciddi olduğunun göstəricisidir.

Ümumdünya Hepatit Alyansı hər il “Mən 12-ci deyiləm” adlı kompaniya həyata keçirir.  Dünyada hər 12 nəfərdən biri xroniki Hepatit B və C virusuna yoluxmuşdur və bir çox hallarda insanlar virus daşıyıcısı olsalar da bundan xəbərləri yoxdur. Təşkilatımız digər tərəfdaşları ilə birlikdə bütün dünyada keçirilən 19 May Ümümdünya Hepatitlə Mübarizə Gününü qeyd etməklə profilaktik layihəyə başlamışdır.

Hepatit Virusları niyə təhlükəlidir:
•    Dünyada 500 milyon xroniki Hepatit C və B xəstəsi var  
•    Bu rəqəm İİV/QİÇS yoluxmasından 10 dəfə çoxdur
•    Planetdə hər üç nəfərdən biri bu viruslardan birinə yoluxur
•    Hepatit C və B viruları qaraciyər sirrozu, qaraciyər xərçəngi kimi təhlükəli xəstəliklər törədir
•    Bu xəsəlikdən ildə 1,5 milyon və hər 30 saniyədə isə 1 insan dünyasını dəyişir
•    Yoluxan 500 milyon insandan əksəriyyətinin bundan xəbəri yoxdur

 Həkimlər və Tibb Tələbələr İctimai Birliyi (www.azermds.org)


712 dəfə oxunub